Sızanaq xəstəliyi haqqında maraqlı faktlar

DERMATOLOGİYA

by Dermatoloq 587 Baxış Şərh

 

Akne (sızanaq) – dəri piyinin ifrazının artması, piy vəzilərinin böyüməsi və tutulması nəticəsində yaranan xəstəlikdir. Onun yaranmasında Propionibacterium acnes böyük rol oynayır. Sızanaqlara əsasən yeniyetmələrdə üz, kürək və sinə nahiyəsində rast gəlinir. 

Akne nədir və onun yaranma səbəbləri hansılardır?

  • Genetika. Sızanaqların kökündə duran amillərdən biri irsi meyillikdir. Yaxın qohumlarında akne olan insanlarda bu problemin meydana çıxma ehtimalı yüksəldir.  
  • Hormonal dəyişikliklər. Endokrin sistemin fəaliyyəti pozulduqda vəzilər daha çox piy ifraz edir, dərinin buynuzlaşması sürətlənir. Nəticədə məsamələr tutulur və akne əmələ gəlir.   
  • İnfeksiya. Normada dəri səthində Propionibacterium acnes (P. acnes) bakteriyası mövcud olur. Məhz bu mikroorqanizm piy vəzilərinin iltihablaşmasına gətirib çıxarır.  
  • Dəriyə qeyri-düzgün qulluq. Üzü sabun və digər qələvi vasitələrlə yumaq olmaz. Çünki onlar dərini qurudur, yağsızlaşdırır. Belə hallarda dəri özünü müdafiə kimi daha çox piy ifraz etməyə başlayır. Həmçinin spirtli losyon və məhlulların istifadəsi də eyni sonluqla nəticələnir.  
  • Mədə-bağırsaq xəstəlikləri.  
  • Stress amilləri.

Akne nədir və onun başlıca əlamətləri 

  • dəridə kiçik ölçülü, qırmızı rəngli, bəzən irinli səpgilər;
  • qurumuş sızanaqların yerində tünd ləkə və ya çapıqlar;
  • dərinin yağlılığının artması.

Sızanaqların qarşısını almadıqda onların sayı artır. Səpgilərin ölçüləri böyüyür. Akne vaxtında müalicə olunmadıqda digər nahiyələrə də yayılır.

 

 

Akne zamanı düzgün pəhriz nədir? 

Mütəxəssislərin fikrincə akneli pasiyentlər qazlı içkilərdən (kola, limonad və s.), eləcə də karbohidratlardan imtina etməlidir. Həmçinin ayrı-ayrı insanlarda şokolad, kofe, yağlı və yaxud kəskin qidalar sızanaqlara səbəb olur. Belə vəziyyətlərdə qeyd olunan məhsullar rasiondan kənarlaşdırılmalıdır.   

Akne xəstəliyinin müalicəsi nədir?

Bu problemin vahid müalicə sxemi olmadığından hər bir halda dermatoloq-kosmetoloqa müraciət edilməlidir. Müayinədən sonra ehtiyac olduqda bəzi analizlər təyin olunur. Onların köməyilə aknenin səbəbi aşkara çıxarılır. 

Ümumilikdə müalicə aknenin ağırlıq dərəcəsindən asılıdır. Yüngül hallarda xaricə istifadə üçün krem, losyon və s. təyin olunur. Ağır formalarda isə reseptə daxilə qəbul üçün preparatlar da əlavə olunur. 

 

Həmçinin həkim dərinin təmizlənməsi, tonuslandırılması və nəmləndirilməsi barədə məsləhətlər verir. Gündəlik baxım üçün kosmetik vasitələrin seçilməsinə yardım edir.  

Bir sıra hallarda akne izlərini aradan qaldırmaq üçün xüsusi kosmetoloji prosedurlara gərək yaranır. 

Aknenin profilaktikası nədir? 

  • İctimai yerlərdə olduqda çirkli əllərlə üzə toxunmamaq; 
  • Səpgiləri sıxmamaq. Əks halda genişlənmiş məsamələrə infeksiyanın daxil olmaq riski artır;  
  • Akneyə səbəb olan yanaşı xəstəlikləri vaxtında müalicə etmək; 
  • Sağlam qidalanmaq, şirniyyət və zərərli qidaların qəbulunu minimuma endirmək; 
  • Gün ərzində ən azı 2 litr qazsız və şirin olmayan su qəbul etmək. 

Müasir dövrdə aknenin istənilən mərhələsini effektiv müalicə etmək mümkündür. Həkim məsləhətlərinə düzgün riayət olunduqda sızanaq və onun izləri tamamən aradan qalxır. 

Şərhlər